CƏMİYYƏT
Bakı Ürək Mərkəzində Səhiyyə Nazirliyinin növbəti görüşü keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
22 İyul - Milli Mətbuat Günü münasibətilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində jurnalistlər üçün brifinq keçirilib. Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirdə müasir kardiologiyanı əhatə edən məsələlər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov müasir ürək problemləri, onların müalicə və profilaktikası istiqamətində atılan addımlarla bağlı çıxış edib.
Bakı Ürək Mərkəzinin fəaliyyəti barədə media işçilərinə məlumat verən R.Mahmudov bildirib ki, bu qurum Azərbaycan səhiyyəsinin növbəti uğurudur. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır.
Qeyd olunub ki, fəaliyyətə başladığı gündən indiyədək Mərkəzdə 160-dan çox açıq ürək əməliyyatı aparılıb, 300-dən çox xəstəyə invaziv müdaxilə edilib. Minlərlə insan isə kardiologiyanın müxtəlif istiqamətlərini əhatə edən tibbi xidmətlərdən faydalanıb. Mərkəzdə aparılan ürək əməliyyatlarının 30-40 faizinin sinə sümüyünün kəsilmədən icra olunduğu xüsusi vurğulanıb. Həkim ürək-damar xəstəliklərinin ən mühümü olan yuxu arteriyalarının profilaktikasının inkişafı istiqamətində ölkəmizdə mühüm işlərin görüldüyünü bildirib.
R.Mahmudov qeyd edib ki, statistik göstəricilərə əsasən, hazırda dünyada insan ölümünün bir nömrəli səbəbi olaraq göstərilən ürək-damar sistemi xəstəlikləri ümumi sağlamlıq problemlərinin 58,8 faizini təşkil edir. İnkişaf artdıqca ürək-damar sistemi xəstəlikləri daha da vacib hal alır. Cərrah hər il dünyada 3 mindən çox insan üzərində aparılan ürək transplantasiyasının ölkəmizdə keçirilməsi üçün istər tibbi, istərsə də texniki cəhətdən heç bir problemin olmadığını deyib. Bildirib ki, bu, yalnız donor çatışmazlığı ilə bağlı problemdir. Dünya statistikasına görə, hər yeni doğulan 1000 uşaqdan 8-12-də müxtəlif ürək qüsurları aşkar edilir. Ürək-damar xəstəliklərindən ölənlərin sayı 0-2,3 faizə qədər azaldılıb.
Sonra ürək-damar cərrahiyyəsi və əməliyyatlarda sonrakı reabilitasiya problemləri barədə müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində mətbuat nümayəndələri üçün Bakı Ürək Mərkəzinə mediatur təşkil olunub.