MƏDƏNİYYƏT
Bakı Uşaq Teatrı rayonlarda qastrol səfərindədir
Bakı, 5 mart, AZƏRTAC
Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşası ilə Bakı Uşaq Teatrının kollektivi mart ayının ilk həftəsində 7 rayona qastrol səfərinə yollanıb. Tamaşa artıq Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Beyləqan rayonlarında uğurla nümayiş olunub. Kollektiv artıq Astara və Lerik rayonunda qastrol səfərindədir.
Qeyd edək ki, “Həyatla oyun” tamaşası Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən hazırlanıb. Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir.
Bildirək ki, tamaşa fevral ayında Bakı şəhərinin rayonlarında, Abşeron və Sumqayıt şəhərlərində nümayiş olunub.