MƏDƏNİYYƏT
Bakı Uşaq Teatrının kollektivi yeni mövsümü yeni səhnə əsəri ilə açacaq
Bakı, 9 iyun, AZƏRTAC
Bakı Uşaq Teatrı yeni quruluşda hazırlanan “Gücümüz birlikdədir” adlı tamaşası ilə Bakı şəhərində yerləşən müxtəlif məktəblərin qonağı olub. Belə ki, həm böyüklər, həm də azyaşlılar üçün nəzərdə tutulmuş eksperimental səhnə əsəri məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə təqdim edilib.
Bu barədə AZƏRTAC-a Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan məlumat verib.
“Xronometrajı 50 dəqiqə olan səhnə əsəri paytaxtın 32, 64, 29, 53 və 191 nömrəli orta məktəblərdə, teatrın müvəqqəti yerləşdiyi Q.Abbasov adına mədəniyyət evində və İstək liseyində nümayiş olunub. Eyni zamanda, layihəmizin Bakı və Sumqayıt şəhərlərində yerləşən digər məktəblərdə təqdimatını nəzərdə tuturuq”, - deyə İ.Soltan qeyd edib.
Rəhbəri olduğu sənət ocağının gələcək planlarından söz açan İntiqam Soltan bildirib ki, Bakı Uşaq Teatrının kollektivi yeni səhnə əsəri üzərində çalışır: “Sözügedən səhnə əsəri Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” əsəri əsasında hazırlanıb. Teatrımız sentyabrda yeni mövsümü bu tamaşa ilə açacaq. Rejissor Elşən Zeynallının quruluşunda hazırlanan tamaşada aktyorlar Niyaz Qasımov, Cavanşir Məhərrəmov, İlhamə Əhmədova, Məlahət Əhmədova, Əliqulu Hüseynov və başqaları çıxış edəcəklər. Dekorçu rəssamı Zəminə Allahverdiyeva olan tamaşada rəsmlərin quruluşu Sevda Məmmədovaya, musiqi tərtibatı isə Rauf Hüseynliyə məxsusdur”.