SİYASƏT
Bakı Xoreoqrafiya Akademiyası “İslam Həmrəyliyi İli”nə həsr olunmuş layihələrə start verib
Bakı, 1 may, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyası “İslam Həmrəyliyi İli”nə həsr olunmuş layihələrə start verib. Layihələrdən biri - "Səmayi şəms" rəqs tamaşası mayın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında təqdim olunacaq.
Akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin proqramında İslam dünyasına daxil olan bir sıra ölkələrə məxsus milli rəqslərdən ibarət vahid ssenari və kompozisiya üzrə rəqs-tamaşa nümayiş olunacaq. Layihənin ideya müəllifi və bədii rəhbəri Xalq Artisti Təranə Muradova, rejissoru “Tərəqqi” medallı Cavid İmamverdiyevdir. Quruluşçu xoreoqraflar – Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs kafedrasının baş müəllimi, Xalq Artisti Yusif Qasımov, Akademiyanın milli rəqs kafedrasının müdiri, Əməkdar Artist Sənan Hüseynli, müəllimlər - Əməkdar Artist Səbinə Qasımova, Kamilə Əliyeva, klassik rəqs kafedrasının baş müəllimi Pullumb Aqalıyaydır.
Tamaşanın bir sıra rəqslərini qurmaq üçün Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi tanınmış xoreoqraf, TÜRKSOY-un baş baletmeysteri, “Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Fondunun Mükafatı” laureatı Arman Nurmaxamatulını və onun assistenti, “Astana Balet”in solisti Aycan Junusovanı dəvət edib.
Layihəyə hazırlıq dövründə qonaqlar məşqlərlə yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri üçün klassik, müasir və xalq səhnə rəqsləri üzrə ustad dərslər keçiblər.
Akademiyasının “İslam Həmrəyliyi İli”nə həsr olunmuş digər yaradıcılıq layihəsi isə bu ali təhsil müəssisəsinin şagird və tələbələrinin iştirakı ilə Xalq artistləri Rəfiqə Axundovanın və Maqsud Məmmədovun quruluş verdiyi Qara Qarayevin “Yeddi gözəl” baletinin səhnələşdirilməsidir.
Tamaşanın bədii rəhbəri Xalq Artisti Kamilla Hüseynovadır. Balet tamaşası mayın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Əməkdar Artist, tanınmış dirijor Əyyub Quliyevin rəhbərlik etdiyi Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə nümayiş olunacaq.