MƏDƏNİYYƏT
Bakı Xoreoqrafiya Akademiyası müəllimlərinin ustad dərsləri
Bakı, 30 noyabr, AZƏRTAC
Respublikanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq, Bakı Xoreoqrafiya Akademiyasının ixtisas fənn müəllimlərinin iştirakı ilə zonalar üzrə ustad dərsləri təşkil edilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasının ixtisas fənn müəllimləri tərəfindən Abşeron rayonunda ustad dərsləri keçirilib. Ustad dərslərində Abşeron, Şuşa, Füzuli, Kəlbəcər rayon uşaq incəsənət məktəbləri, klub və mədəniyyət evlərində çalışan xoreoqrafiya sahəsi üzrə mütəxəssislər iştirak ediblər. Sözügedən ustad dərslərini akademiyanın müəllimləri Mehriban Nəzərova və Zəminə Sadıqzadə aparıblar.
Dekabrında isə Bakı Xoreoqrafiya Akademiyası müəllimlərinin Sumqayıt şəhərində ustad dərsləri keçirməsi planlaşdırılır. Ustad dərslərində Sumqayıt, Xocalı, Xızı, Qobustan, Quba, Qubadlı və Qusar rayon mədəniyyət müəssisələrinin xoreoqrafiya sahəsi üzrə mütəxəssislərinin iştirakı nəzərdə tutulur.