ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasında Xalq Yazıçısının xatirəsi anılıb
Bakı, 17 may, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Siz həmişə bizimləsiniz” adlı ədəbi-bədii gecə keçirilib.
BXA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə yazıçının həyat və yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən geniş bəhs olunub. Vurğulanıb ki, İ.Əfəndiyev “Sən həmişə mənimləsən” əsəri ilə Azərbaycan ədəbiyyatda ilk dəfə lirik psixoloji üslubun əsasını qoyub. O, “Xurşidbanu Natəvan” əsəri ilə ilk dəfə tarixi qadın qəhrəmanını baş obraz kimi təqdim edib.
Tədbirdə ədibin qələminə məxsus “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən” televiziya tamaşalarından fraqmentlər, akademiyanın tələbələri Fərid Əzizov, Arzu Əsədova, Fatimə Əlimova və Elvin Nurinin ifasında isə “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan” pyeslərindən səhnələr nümayiş etdirilib. Həmçinin akademiyanın orta ixtisas (kollec) pilləsinin III kurs tələbəsi, Azərbaycan Yazıçılar Birliyinin gənc ədiblər məktəbinin üzvü Elvin Nuri dahi yazıçıya həsr etdiyi “Mahnısı dağlarda qalan sənətkar” şerini səsləndirib.
Sonda Xalq Artisti Ağaxan Salmanlı, BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev tələbələrin təşəbbüsünü dəstəkləyib, tədbirin əhəmiyyətindən və ədibin ədəbiyyatımızın tarixindəki rolundan danışıblar.