QAN YADDAŞI
Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, fevralın 20-dən 24-dək akademiyada hər gün birinci dərs Xocalı soyqırımına həsr edilib, habelə “Xocalı soyqırımı şagirdlərin gözü ilə” foto və rəsm sərgisi keçirilib, inşa və məqalələr yazılıb. Bununla yanaşı, “Tariximizi unutmayaq” mövzusunda seminar keçirilib, “Xocalı analarının fəryadı” adlı bədii-xoreoqrafik kompozisiya və Sabunçu rayonu Pirşağı İstirahət Mərkəzində yerləşən Xocalı şəhər 2 nömrəli musiqi məktəbi və 2 nömrəli tam orta məktəbində “Biz o yerlərə qayıdacağıq” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
“Xocalı həftəsi”nin yekunlarına dair konfransda Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev çıxış edib. Vurğulayıb ki, insanlığa qarşı qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi beş il keçsə də, 1992-ci ilin o müdhiş fevral gecəsi - Ermənistan silahlı birləşmələrinin 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı heç zaman unudulmayacaq. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onların faciəli surətdə həlak olması Azərbaycan xalqının qəhrəmanlığının və cəsarətinin nümayişidir.
Rektor Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” çərçivəsində keçirilmiş tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyət daşıdığını deyib.