CƏMİYYƏT


Bakı Xoreoqrafiya Akademiyasının magistrantlarının ilk konserti olub

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası (BXA) təhsil kompleksinin musiqi fənləri kafedrası Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) musiqi alətləri fənlərinin tədrisi kafedrasının dəvəti ilə bu ali məktəbdə “Bakı Xoreoqrafiya Akademiyasında musiqi təhsili” mövzusunda seminar və akademiyanın instrumental ifaçılıq ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələrinin ilk konsertini keçirib.

BXA-dan AZƏRTAC-a bildiriblər ki, ADPU-da təşkil olunan seminarda akademiyanın təhsil kompleksinin bakalavriat və magistratura şöbəsi müdirinin müavini Lalə Hüseynli tədbir iştirakçılarına təmsil etdiyi qurumun fəaliyyəti, fasiləsiz və çoxpilləli təhsil, burada yeni açılmış ixtisaslar və yaradıcı mühit barədə məlumat verib. Qeyd edilib ki, akademiyada təhsilin bütün pillə və səviyyələrində musiqi üzrə fənlər tədris olunur, xoreoqrafiya təhsili və sənətinin inkişafı üçün instrumental ifaçılıq ixtisasına önəm verilir. Akademiyada fortepiano və nağara ifaçılığı tədris olunur. Növbəti tədris ilində isə musiqi alətləri üzrə ixtisasların artırılması planlaşdırılır.

Sonra BXA-nın magistrantları konsert proqramı ilə çıxış ediblər.

Konsertdə İohan Sebastyan Bax, Aleksandr Ziloti, Berkoviç, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Sevda İbrahimova kimi dahi bəstəkarların əsərləri ifa olunub. Həmçinin akademiyanın orta ixtisas təhsil pilləsi tələbələrinin nağaraçılar ansamblının ifasında Azərbaycan ritmlərindən ibarət kompozisiya maraqla qarşılanıb.

Sonda Əməkdar İncəsənət Xadimi, professor Ülviyyə Hacıbəyova dahi Niyazinin “Xoreoqrafik vals”ını ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.