REGİONLAR


Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələri Şəmkirdə olublar

A+ A

Şəmkir, 31 oktyabr, Famil Quliyev, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının təşəbbüsü və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkirdə “Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd şəmkirli gənclərin gələcəkdə Bakı Xoreoqrafiya Akademiyasında təhsilə cəlb edilməsidir.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Məleykə Əlizadə Şəmkir rayonunda milli mədəniyyətə və incəsənətə yüksək qiymət verildiyini vurğulayıb, son dövrlərdə bu sahədə olan inkişafdan söz açıb. Qeydi edib ki, Şəmkirdə incəsənətin bütün növlərinin inkişafı sahəsində işlər görülür. Yeni yaradılan “Şəms” vokal qrupunun qısa zamanda qazandığı uğurlardan danışan M.Əlizadə yaxın vaxtlarda Şəmkirdə caz qrupunun da təqdimatının olacağını bildirib.

Bakı Xoreoqrafiya Akademiyası təhsil kompleksinin musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, milli rəqslər kafedrasının müdiri, Əməkdar Artist Sənan Hüseynli, akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə akademiyadakı tədris prosesi, professor-müəllim heyəti, uğur və nailiyyətlər, ali təhsil ocağının uşaq və gənclərə təklif etdiyi imkanlar haqqında geniş məlumat veriblər.

Qeyd olunub ki, Xoreoqrafiya Akademiyası respublikada, regionda və ümumiyyətlə MDB məkanında təhsilin bütün pillələrini özündə cəmləşdirən ən unikal təhsil müəssisəsidir. Cari tədris ilində akademiyanın ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı, sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib.

Sonda Akademiya üzvləri gələcəkdə Şəmkirdə milli mədəniyyətin inkişafına dəstək olacaqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.