ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi Gəncə sənət ictimaiyyəti ilə görüşüb
Bakı, 17 aprel, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) prorektoru, Xalq Artisti Təranə Muradova və akademiyanın milli rəqs kafedrasının müdiri, Əməkdar Artist Sənan Hüseynli Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzində Gəncə şəhəri, Göygöl, Goranboy və digər ətraf rayonların sənət ictimaiyyəti ilə görüşlər keçiriblər.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Azərbaycan milli rəqsi üzrə açıq ustad dərsləri təşkil olunub.
Dərslərdə milli rəqslərimizin tarixi, ənənələri, onlara xas olan elementlər, həm də müasir dövrdə xoreoqrafiya sahəsində gedən proseslər və yeniliklər barədə məlumat verilib.
Vurğulanıb ki, xoreoqrafiya sənətinin, o cümlədən klassik və milli rəqsin tədrisi, tədqiqi və təbliği respublikada həyata keçirilən mədəniyyət siyasətinin tərkib hissəsidir və bu siyasətin həyata keçirilməsində Bakı Xoreoqrafiya Akademiyasının müstəsna rolu var. Peşəyönümlü fəaliyyətin təşkili və inkişafına önəm verən akademiyanın rəhbərliyi bu kimi tədbirlərin hər il planlı şəkildə respublikanın bütün şəhər və rayonlarında keçirilməsi barədə layihələr üzərində çalışır.
Xalq Artisti Təranə Muradova tədbir iştirakçılarını 2017/2018-ci tədris ilində Bakı Xoreoqrafiya Akademiyasının bütün pillələrinə, o cümlədən tam orta, orta ixtisas (kollec), bakalavriatura və magistratura pillələrinə qəbul qaydaları ilə tanış edərək, mövcud və yeni ixtisaslar barədə məlumat verib.
Mütəxəssislər nəzəri biliklərlə yanaşı, ustad dərslərin iştirakçılarına əyani şəkildə həm elementlər, həm də rəqslər nümayiş etdirib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Xalq Artisti Təranə Muradova və Əməkdar Artist Sənan Hüseynlinin təqdim etdiyi “Naz eləmə” rəqsi tədbir iştirakçılarının rəğbətini qazanaraq, yüksək sənət nümunəsi kimi qiymətləndirilib.
Sonra akademiyanın rəsmiləri Gəncə şəhərinin rəhbərliyi ilə görüşüb. Görüşdə əməkdaşlıq, sənət layihələri və perspektiv fəaliyyət müzakirə olunub.