CƏMİYYƏT


Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri beynəlxalq festivalda iştirak ediblər

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən uşaqların 47-ci ənənəvi festivalında iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Xalq Artisti Yusif Qasımov olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, festival “Avropanın sevinci” devizi altında keçirilib və fizika, elektrotexnika, radio texnologiyaları sahəsində tanınmış alim Nikola Teslanın 160 illiyinə həsr olunub. Festivalda N.Teslanın fikirləri böyüməkdə olan nəslə çatdırılmaqla yanaşı, elmin, biliyin insan üçün önəmli olması təbliğ edilib. Festivalda rəqs (klassik, milli, caz, müasir), musiqi (vokal, qrup, xor), rəsm və multimedia performansları ilə çıxış edən gənclər ifalarında məhz bu ideyaları təcəssüm etdiriblər.

Festival çərçivəsində iştirakçılar milli və rəqs geyimlərində şəhərin mərkəzi küçəsi boyu karnavalda, Belqrad Uşaq Mədəniyyət Mərkəzinin zalında konsert proqramında, 18-ci Beynəlxalq təsviri sənət müsabiqəsində və Qala-konsertdə çıxış edib, televiziya proqramının qonağı olublar.

Qeyd edək ki, festivalda milli və beynəlxalq müsabiqə və festivallarda uğurlu nəticə göstərən gənclər iştirak etmək hüququna malik idilər. Tədbirdə 18 ölkədən istedadlı gənclər iştirak ediblər. Uğurlu çıxışına görə Azərbaycanı təmsil edən Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri diplomlarla mükafatlandırılıblar.

Avropa uşaqlarının beynəlxalq görüşünün təsisçisi Belqrad şəhər administrasiyası və Belqrad Uşaq Mədəniyyət Mərkəzidir.

Səfər çərçivəsində akademiyanın nümayəndə heyəti Serbiyanın Prezidenti Tomislav Nikoliç və ölkənin birinci xanımı ilə görüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.