ELM VƏ TƏHSİL


Bakı Yay Ətraf Mühit Məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib

Bakı, 15 iyul, AZƏRTAC

Qərb Universiteti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən “Cənubi Qafqazda biomüxtəlifliyin inteqrasiyalı idarə olunması” proqramı üzrə təşkil edilmiş Bakı Yay Ətraf Mühit Məktəbi başa çatıb.

Qərb Universitetindən AZƏRTAC-a bildirilib ki, Harvard Universitetinin metodologiyası əsasında hazırlanmış üçgünlük təlim proqramına ətraf mühit, ekologiya, kənd təsərrüfatı, ekoturizm, torpaq idarəçiliyi və digər sahələrin əməkdaşları olmaqla 20 iştirakçı qatılıb. Təlim proqramı çərçivəsində iştirakçılara ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi mövzusunda məlumat verilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən “Cənubi Qafqazda biomüxtəlifliyin inteqrasiyalı idarə olunması” proqramı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində biomüxtəliflik və ekosistem xidmətlərini qorumaq məqsədi daşıyır. Proqramın hazırkı fəaliyyəti milli, yerli və regional istiqamətlərdə həyata keçirilir.

Ölkənin aparıcı təhsil ocaqlarından olan Qərb Universiteti növbəti tədris ilindən ekologiya mühəndisliyi ixtisası üzrə kadr hazırlayacaq. Eyni zamanda, universitetdə bu sahə ilə bağlı ən yüksək standartlara cavab verən laboratoriyaların qurulması istiqamətində addımlar atılıb. Laboratoriyaların təşkili bu sahədə böyük təcrübəsi olan alman şirkətləri ilə birgə həyata keçirilir. Ən müasir cihazlarla təchiz olunacaq laboratoriyalarda aparılacaq bir sıra təcrübə və tədqiqatlar ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.