CƏMİYYƏT


Bakı Yunus Əmrə İnstitutunda 15 iyul şəhidlərinin xatirəsi anılıb

Bakı, 14 iyul, AZƏRTAC 

Ötən il iyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı şəhid olmuş insanların xatirəsini anmaq məqsədilə Bakı Yunus Əmrə İnstitutu və “Vətən” İctimai Birliyinin təşkilatçılığı ilə “15 iyul dastanı” adlı tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, anım mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım 15 iyul gecəsinin Türkiyə tarixində qoyduğu izdən və axıska türkləri ilə birgə təşkil edilən bu tədbirin əhəmiyyətindən danışıb: “Bir il əvvəl Türkiyə Cümhuriyyətinin istiqlalına, müstəqilliyinə, liderinə qarşı sui-qəsd cəhdi oldu. Türkiyə xalqını və dövlətini Vətənsiz qoymaq istədilər. Həqiqətən, bəlkə də bu çevriliş cəhdi böyük bir layihənin sadəcə başlanğıcı idi. Arxasında isə bir xaos və bu xaos içində parçalanmış, gücünü itirmiş Türkiyə olacaqdı. Ancaq bizim uzaqgörən xalqımız bu oyuna qarşı münasibətini ciddi şəkildə ortaya qoydu, Türkiyəyə sahib çıxdı və bütün dünya tərəfindən təqdir edildi. Dostlarımız da bu fikirdədirlər, amma bizi sevməyən insanlar bu nailiyyəti, fədakarlığı görməməzliyə vururlar. Həqiqətən bu hadisələr demokratiya tarixində, ölkəmizin tarixində və bəlkə də dünya tarixində bənzəri çox az rast gəlinən qəhrəmanlıq nümunəsi idi. Biz 250-yə yaxın vətən övladının şəhid, 1000-dən çoxunun isə qazi olduğuna şahidlik etdik. Bu proseslər zamanı axıska türklərinin dəstəyini hər zaman hiss etdik. Şəhidlərimizi andığımız və qazilərimizi yad etdiyimiz bu xüsusi gündə bizi tək qoymayan dostlarımıza minnətdaram. İnanıram ki, Türkiyə artıq bir daha belə təhlükə ilə üz-üzə qalmayacaq, dünyada mədəniyyət, iqtisadiyyat, siyasət və digər sahələrdə qazandığı gücünü heç vaxt itirməyəcək”.

Daha sonra Türkiyənin ölkəmizdəki səfirliyinin media müşaviri Hamit Karadeniz çıxış edərək, FETÖ-PKK\PYD əlaqələri ilə bağlı xüsusi məqama diqqət çəkib. O, həmçinin bir neçə gün əvvəl Azərbaycanın Alxanlı kəndində ermənilər tərəfindən öldürülən Zəhranı və nənəsini xatırladaraq qeyd edib ki, ermənilərlə həmin terrorçular arasında fərq yoxdur.

Axıska türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov türk millətinin vətəni, bayrağı və dəyərləri üçün edə bilməyəcəyi fədakarlığın olmadığını vurğulayıb: “Bu tədbir Türkiyədəki şəhidlərimizin anılması məqsədi ilə təşkil edilib. Bugünkü gözəl və rifah içərisindəki Türkiyə asanlıqla qurulmayıb. Türkiyə Cümhuriyyəti Çanaqqala savaşında, Sakaryada, Dumlupınarda minlərlə şəhid verib. Bu çevriliş cəhdinə illərlə Türkiyənin çörəyini yemiş, suyunu içmiş xain FETÖ lideri başçılıq edib. Türkiyənin inkişafını gözü götürməyən FETÖ-çular 15 iyulda belə bir xainliyə əl atdılar. Ancaq türk milləti küçələrə axışaraq, qanları bahasına terrora “dur” deyib, dastan yazdılar. Türk millətinin gücünü, Türkiyə xalqının prezidentinə olan sevgisini bütün dünya gördü”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.