İDMAN
Bakı çempionatında fərqlənən gənclər mükafatlandırılıblar
Bakı, 30 noyabr, AZƏRTAC
Suraxanı rayonu Gənclər Evində payız çağırışına həsr olunan “Vətənin müdafiəsinə hazıram” devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı çempionatında ikinci yeri tutan komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, mərasimdə idarənin baş məsləhətçisi Salman Əbdülov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə, baş məsləhətçi Rəşid Heydərov, BŞGİBİ-nin aparıcı məsləhətçisi Cəlil Əlizadə, qalib komandanın üzvləri iştirak ediblər.
Çıxışlarda tədbirin çağırışaqədər və çağırışyaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu qeyd olunub.
Sonda qaliblər baş idarə tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif ediliblər.