CƏMİYYƏT
“Bakı gənclər debat forumu: Yaz-2015” layihəsinə yekun vurulub
Bakı, 6 may, Həsrət Mahmudova, AZƏRTAC
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) “Youth İnc.” və milli debat proqramları çərçivəsində Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkətinin dəstəyi ilə Azərbaycan Dillər Universitetində “Bakı gənclər debat forumu: Yaz-2015” layihəsinin yekun tədbirini keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilib və ölkəmizdə gənclər sahəsində görülən işlərə dair videoçarx nümayiş olunub.
Azərbaycan Dillər Universitetinin prorektoru, professor Ələddin Əliyev forumun məhz bu təhsil ocağında keçirilməsindən məmnunluğunu bildirib və iştirakçılara uğurlar arzulayıb.
DVC-nin sədri Seymur Hüseynov gənc sahibkarlara dəstək məqsədilə tərəfdaşlarla birgə reallaşdırılan “Youth İnc.” proqramının “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində uğurla həyata keçirildiyini bildirib. Dövlət Proqramı gənclər sahəsində müasir çağırışlara cavab verir. Bu baxımdan gənclərlə birbaşa məsləhətləşmələrin aparılması və onların fikirlərinin öyrənilməsi çox vacibdir. Gənc sahibkarlara dəstəyin göstərilməsi də Dövlət Proqramında xüsusi qeyd olunub.
Azərbaycanda “Youth İnc.” proqramının uğurla həyata keçirildiyini bildirən “Coca-Cola” şirkətinin meneceri Qalib Əhmədov təmsil etdiyi qurumun əsas strateji vəzifələrindən birinin də ölkəmizdə gənc sahibkarların potensialının üzə çıxarılması olduğunu qeyd edib. O, “Coca-Cola”nın gənclərlə bağlı birliklərin inkişafına bundan sonra da sərmayə yatıracağını diqqətə çatdırıb.
Proqramın əlaqələndiricisi Müşfiq Həsənov bildirib ki, “Youth İnc.”in məzunları tərəfindən 8 müxtəlif biznes–layihə həyata keçirilib. Bundan başqa, proqramın nümayəndələri üç beynəlxalq forumda təqdimat keçirib, 2 mindən artıq şəxs seminarlarda iştirak edib. Bu il şəxsi biznes ideyasını həyata keçirmək istəyən bütün şəxslər üçün mərkəz rolunu oynayacaq “Youth İnc.” inkubatorun fəaliyyətə başlaması da nəzərdə tutulub. Orada təlim keçəcək şəxslər uğurlu şəxsi biznes qurmaq haqqında məlumat alacaqlar.
Çıxışlardan sonra 16 ali təhsil müəssisəsini təmsil edən komandalar “Gənclərin sahibkarlıq bacarığını formalaşdırmaqda biznes-inkubator modeli özünü doğruldur” mövzusunda müzakirələr aparıblar. İştirakçılar Azərbaycan Dillər Universitetində qrup mərhələsində də səmərəli müzakirələr ediblər. Oyunların finalında Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandaları yarışıb. Forumun ən yaxşı natiqi Ramil Zeynalov seçilib.
Respublikamızın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edən milli debat proqramı çərçivəsində həyata keçirilən tədbirlərə 40 mindən çox gənc qatılıb.