İDMAN
Bakı gəncləri Avropanın tarixi idman bayramını səbirsizliklə gözləyir
Bakıda, Olimpiya stadionunda Birinci Avropa Oyunlarının açılış mərasiminə yeddi aydan bir qədər çox vaxt qalıb. Birinci olmaq həmişə çox çətin və məsuliyyətlidir. Gələcəkdə növbəti Avropa Oyunlarını Bakıdakı oyunlar ilə müqayisə edəcəklər. İdman gənclərin bayramıdır, axı, idmançılar əsasən gənclərdir. Bakı gəncləri necə yaşayır, Bakı-2015 oyunlarına nə kimi ümidlər bəsləyir və ondan nə gözləyirlər? Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov AZƏRTAC-ın müxbiri ilə söhbətində bu məsələlərdən söz açır.
R.Abbasov bildirib ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin rəhbərliyi qarşımıza konkret vəzifələr qoyub. Bütün şəhər yarışları oyunlara hazırlıq adı altında keçirilir, könüllülər seçilir, şəhər çempionatlarının yekunlarına əsasən Avropa Oyunlarına daxil edilən idman növləri üzrə yığma komandalar üçün ehtiyat qüvvə hazırlanır. Bununla bərabər, müsabiqələr, fleşmoblar keçirilir, ali və orta məktəblərdə maarifləndirmə işləri aparılır. Görkəmli idman xadimlərinin İctimaiyyət nümayəndələri ilə görüşləri təşkil olunur.
Azərbaycan bir çox ideya və qlobal təşəbbüslər irəli sürmüşdür. Müsəlman Şərqində ilk opera və balet, qadınların seçki hüququ, Qafqazda demokratik dövlətin qurulması və bir sıra digər təşəbbüslər Azərbaycanın adı ilə bağlıdır. Avropa Oyunları da ilk dəfə bizim ölkəmizdə keçiriləcək. Birmənalı şəkildə demək olar ki, kontinental oyunlardan sonra ölkəmizdə idman və bədən tərbiyəsi ilə daha çox gənc məşğul olacaq. Bu da öz növbəsində gələcək qələbələrə olan şansımızı artıracaq. İnanırıq ki, dünyanın müxtəlif yerlərində tez-tez bayrağımız dalğalanacaq, himnimiz səslənəcək. Bunun üçün ölkəmizin hər bir vətəndaşı bu prosesdə fəal iştirak etməlidir.
Raqif Abbasov qeyd edib ki, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi qanunauyğundur. Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda idmanın və bədən tərbiyəsinin fundamental inkişafı proqramının əsasını qoyub. Maliyyə-texniki bazanın güclənməsi, idman nəticələrinin sabit artım dinamikası, yeni idman komplekslərinin açılması, yüksək ixtisaslı idman mütəxəssislərinin hazırlanması, idman növlərinin coğrafiyasının inkişafı və genişlənməsi, beynəlxalq yarışların müvəffəqiyyətlə keçirilməsi bunu parlaq şəkildə təsdiq edir. Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili, xarici və iqtisadi siyasəti nəticəsində mümkün olmuşdur.
Avropa Oyunları Bakıda eyni zamanda 10-dan çox Avropa çempionatının keçirilməsi deməkdir. Bakı idmanın olimpiya və qeyri-olimpiya növləri - bədii gimnastika, sambo, cüdo, güləş, futbol, boks, otüstü hokkey, velosiped idmanı, avarçəkmə, tennis və s. üzrə yarışlara artıq ev sahibliyi edib. İndi adıçəkilən idman yarışlarının çoxu Birinci Avropa Oyunları kimi bir irimiqyaslı yarışda birləşəcək. Azərbaycan vətəndaşları Oyunların Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyevanın gördüyü irimiqyaslı işlərin şahididir. Vaxt qıtlığına və gərgin iş cədvəlinə baxmayaraq, inşaat işlərindən başlamış idman qurğularının yenidən qurulmasına, könüllülərin hazırlanmasına qədər nəhəng işlər görülür.
Raqif Abbasov xatırladıb ki, velosiped idmanı üzrə ilk test yarışları uğurla keçirilib. Bu il Azərbaycanda bədii gimnastika, atletika, güləş, velosiped idmanı, taekvondo, çimərlik futbolu, voleybol və boks üzrə yarışlar keçirilib. Dünyanın idman ictimaiyyətini daha çox məlumatlandırmaq məqsədi ilə Avropanın ən iri şəhərlərində böyük müvəffəqiyyətlə Avropa Oyunlarının təqdimatları keçirilir.
Bakı gəncləri Avropanın tarixi idman bayramını böyük səbirsizliklə gözləyir: 6 mindən çox idmançı, on minlərlə azarkeş, dünyanın müxtəlif hissələrində milyonlarla televiziya tamaşaçısı unudulmaz idman bayramının ab-havası ilə yaşayacaq. Əminik ki, Avropa Oyunları yaddaqalan olacaq, təkcə ölkəmizdə deyil, Avropanın bir çox ölkələrində seviləcək.