İQTİSADİYYAT
Bakı ikinci regional internet idarəçilik forumuna ev sahibliyi edəcək
Bakı, 27 noyabr, AZƏRTAC
“Bakutel-2014” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 2-3-də Bakıda “İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma” mövzusunda ikinci regional internet idarəçilik forumu keçiriləcək.
Budəfəki forum BMT-nin İnkişaf Proqramı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) birgə reallaşdırdığı “Azərbaycanda İKT infrastrukturunun və xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, forumda “Rəqəmli erada hökumətin transformasiyası: Açıq hökumət məlumatının Azərbaycanda yeni inkişafı və istiqamətləri”, “Avrasiya və Azərbaycan regionunda elektron-təhsil imkanlarının yaradılması”, “İKT innovasiyaları vasitəsilə davamlı inkişaf və ətraf mühitin qorunması” və bu kimi digər mövzular müzakirə ediləcək.