İQTİSADİYYAT


Bakı ilə Cakarta arasında birbaşa uçuşlar təşkil edilə bilər

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Indonesian Airlines” Bakı ilə Cakarta arasında birbaşa uçuşlar təşkil edə bilər.

“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, bu sözləri İndoneziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Səfir qeyd edib ki, Azərbaycanın İndoneziya üçün təkcə regionda deyil, həm də Şərqi və Mərkəzi Avropada strateji baxımdan əhəmiyyətli dövlətdir. İkitərəfli əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunan səfir bildirib ki, əlaqələrimizin gücləndirilməsi üçün azərbaycanlı investorların İndoneziyaya, indoneziyalı investorların isə Azərbaycana səfərləri həyata keçirilməlidir.

Ölkələr arasında iqtisadi əməkdaşlıqdan bəhs edən diplomat İndoneziyanın 155 milyon nəfərlik əhaliyə malik və 17 min 500 adadan ibarət böyük ölkə olduğunu diqqətə çatdırıb. Hüsnan Bəy Fanani belə çoxsaylı əhalisi olan ölkə üçün böyük həcmdə enerji və elektrikin qaçılmaz olduğunu vurğulayıb. “Azərbaycanda olduğu kimi, İndoneziyada da neft var. Biz sutkada 800 min barrel neft hasil edirik. Lakin bizim 1 milyon 600 min barrel neftə ehtiyacımız var”, - deyə səfir qeyd edib. Onun sözlərinə görə, tələb olunan neftin təqribən yarısı idxal olunur. “Biz Azərbaycandan neft almaqla yanaşı, eyni zamanda Səudiyyə Ərəbistanı, Əlcəzair və İrandan da neft idxal edirik. Bu məqsədlə hər il 2,4 milyard ABŞ dolları vəsait sərf edirik. Azərbaycandan 400 min barreldən 600 min barrelədək neft alırıq. Məhz bu səbəbdən son illər İndoneziya İtaliya və Almaniyadan sonra Azərbaycanın üçüncü nəhəng ticarət partnyoru adını qazanıb. Bundan əlavə, biz Azərbaycandan həmçinin mazut alırıq”, - deyə səfir qeyd edib.

O vurğulayıb ki, bu amillərə görə Azərbaycan İndoneziya üçün gələcəkdə də mühüm biznes-partnyor, həmçinin enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli tərəfdaş olacaq.

Gələcək ikitərəfli münasibətlərdən bəhs edən səfir bildirib ki, “iqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyiriksə, o zaman Cakarta və Bakı arasında yaxşı nəqliyyat əlaqələri, həmçinin AZAL ilə “İndonesian Airlines” arasında əməkdaşlıq qurmalıyıq, birbaşa uçuşlar təşkil etməliyik. Bu yolla biz Azərbaycana çoxlu sayda indoneziyalı turist cəlb edə bilərik. İndoneziyadan Azərbaycana turist axınının artımının labüdlüyünü Prezident İlham Əliyev də çıxışları zamanı vurğulayıb”.

Səfir, həmçinin İndoneziya və Azərbaycan vətəndaşlarının qarşılıqlı səfərlərinin artımı ilə bağlı da bəzi vacib məqamları qeyd edib. “Biz hər gün insanları Məkkəyə ziyarətə göndəririk. Biz onları İndoneziyaya yaxşı nizamlanmış tranzit məntəqələrin alternativi olaraq Azərbaycan vasitəsilə də geri qaytara bilərik”, - deyə o qeyd edib. Səfirin fikrincə, bu, turizm sahəsində əməkdaşlığın gələcək inkişafı ilə yanaşı indoneziyalıların Azərbaycan haqqında daha çox məlumatlı olmalarına xidmət edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.