ELM VƏ TƏHSİL
Bakı məktəblərində Konstitusiya ilə bağlı maarifləndirici layihənin icrasına başlanılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) dəstəyi ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20-ci illiyi ilə əlaqədar olaraq uşaqlar arasında maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihə üç ay müddətində Bakı məktəblərində həyata keçiriləcək.
Layihə çərçivəsində konstitusiyada nəzərdə tutulan normalar, onun icrası, hakimiyyət bölgüsü, uşaqların konstitusion hüquqları və Konstitusiyanın cəmiyyətin inkişafına verdiyi töhfə ilə bağlı mühazirələr təşkil olunacaq. Eyni zamanda “Konstitusiyamız uşaqların gözü ilə” mövzusunda uşaqlar arasında rəsm və inşa müsabiqələri keçiriləcək.
Layihənin ilkin mərhələdə 12 ümumtəhsil məktəbində keçirilməsi nəzərdə tutulur. Bununla bağlı artıq 45 və 212 nömrəli tam orta məktəblərdə seminarlar keçirilib. İnteraktiv formada təşkil olunan seminarlarda konstitusiyanın yaranma tarixi, onun qəbul edilməsi, mühüm normalar, icra məsələləri, konstitusiyada insan və uşaq hüquqları ilə bağlı müddəaların yer alması və digər məsələlər iştirakçıların nəzərinə çatdırılıb.
Seminarlarda Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BŞTİ-nin, rayon icra hakimiyyətlərinin nümayəndələri, ekspertlər çıxış edib, suallar cavablandırılıb.