ELM VƏ TƏHSİL
Bakı məktəbliləri dövlət bayrağımızın tarixi barədə məlumatlandırılıblar
Bakı, 13 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində bu qurumun və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Dövlət bayrağının tarixi” mövzusunda keçirilən səyyar mühazirələr davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəbliləri mənəvi dəyərlərə və dövlət atributlarına hörmət, Vətənə məhəbbət ruhunda tərbiyə etmək məqsədilə təşkil olunan növbəti mühazirələrdə VIII, IX və X sinif şagirdləri iştirak ediblər.
Məktəblilərə Azərbaycan bayrağının təkamülü, dövlət atributları barədə ətraflı məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti haqqında müzakirələr aparılıb. Bununla yanaşı, şagirdlər bayrağımıza həsr olunan şeirlər səsləndiriblər, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər.
“Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələrin ümumi təhsil müəssisələrində davamlı olaraq keçirilməsi nəzərdə tutulur.