İQTİSADİYYAT


Bakı məktəbliləri günəş panellərinin işlənməsi, külək stansiyalarının növləri və texnologiyası ilə tanış olublar

Bakı, 13 mart, AZƏRTAC 

Bakının bir neçə məktəbinin müəllim-şagird heyəti üçün Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiya təşkil olunub.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, martın 6-12-i tarixlərini əhatə edən “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi”nin yekunu olaraq Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərinin 36, 80, 164 və 203 saylı orta məktəblərindən 75 nəfərlik müəllim-şagird heyəti Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiya ediblər. Ekskursiya “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərdə keçirilən layihə çərçivəsində Dövlət Agentliyinin Tədbirlər Planına uyğun olaraq, həftə ərzində adı çəkilən məktəblərdə yenilənə bilən enerji növləri, onların xüsusiyyətləri, bərpaolunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və sair mövzuda keçirilən təlimləri təcrübi yekunlaşdırmaq, şagirdlərin əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə həyata keçirilib. Ekskursiya zamanı tələbələrə günəş panellərinin işlənməsi, prinsipləri, külək stansiyalarının növləri və texnologiyası, mərkəzdə fəaliyyət göstərən “ağıllı şəbəkə” haqqında geniş məlumatlar verilib.

Qeyd edək ki, 2011-ci il sentyabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə dünyada ilk Hibrid Stansiya olan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi istifadəyə verilib. 38 hektar ərazisi olan bu mərkəzdə 2,7 meqavat gücündə Külək Elektrik Stansiyası, 1,8 meqavatlıq Günəş Elektrik Stansiyası və 0,6 meqavat gücündə bioqaz stansiyası fəaliyyətə başlayıb. İdarəetmə mərkəzində yaradılmış laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağı təlim və tədris kurslarının təşkili üçün nəzərdə tutulub. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Həmçinin, ölkədə ilk ölçü-müşahidə stansiyası bu mərkəzdə yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.