İQTİSADİYYAT
Bakı məktəblilərin yaz tətilində uşaqlarla səyahət üçün şəhərlərin ilk onluğuna daxildir
Bakı, 13 mart, AZƏRTAC
“www.RoomGuru.ru” otel axtarışı servisi məktəblilərin yaz tətili günlərində uşaqlarla səyahət və istirahət üçün populyar turizm istiqamətlərini müəyyən edib. Reytinq 2017-ci il martın 25-dən 31-dək otel və apartament bronları üzrə hazırlanıb.
“TurStat” agentliyinin məlumatına görə, 2017-ci ildə rusiyalıların uşaqlarla xaricə səfəri keçən illə müqayisədə 10 faiz artıb.
AZƏRTAC “RoomGuru.ru” saytına istinadla xəbər verir ki, Bakı məktəblilərin tətil günlərində rusiyalıların ailəvi istirahət etdikləri şəhərlərin ilk onluğuna daxildir. Praqa, Tallin, Minsk, Budapeşt, Barselona, Vyana, Roma, Zaqreb və Paris şəhərləri də bu onluqda yer alıb.
“RoomGuru.ru” servisinin məlumatına görə, turistlər Bakıda ailəvi istirahət üçün sutkada, o cümlədən oteldə qalmaq, nahar etmək və muzeyə getmək haqqı daxil olmaqla orta hesabla 85 dollar xərcləyəcəklər.
Moskva, Soçi, Sankt-Peterburq, Yaroslavl və Voloqda isə Rusiyada uşaqlarla səfər üçün populyar şəhərlərin beşliyinə daxildir.
“www.RoomGuru.ru” “HotelsCombined.com” xidmətinin Rusiya saytıdır. “World Travel Awards” beynəlxalq münsiflər heyətinin məlumatına görə, “www.HotelsCombined.com” son dörd ildə dünyada otel axtarışı üzrə ən yaxşı sistem hesab olunur.