ELM VƏ TƏHSİL
Bakı məktəblilərinin 25-i qızıl, 3-ü gümüş medala layiq görülüb
Bakı, 8 avqust, AZƏRTAC
Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunublar.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin XI sinif məzunlarından 25-i qızıl, 3-ü gümüş medala layiq görülüb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, ümumi təhsildəki xüsusi nailiyyətləri və 2016-2017-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq onlar qızıl və gümüş medallarla təltif ediliblər.
Respublika üzrə ümumtəhsil məktəblərinin məzunlarından 154-ü qızıl, 31-i gümüş medala layiq görülüb. XI sinfi qızıl və ya gümüş medalla başa vuran məzunlara xüsusi nümunəli attestat verilir.
Qızıl medalla təltif edilmiş məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülmüş məzunların xüsusi nümunəli attestatının üzlüyü isə boz (gümüşü) rəngdədir.