ELM VƏ TƏHSİL
Bakı məktəblilərinin birinci məntiq olimpiadasının ilk mərhələsi keçirilib
Bakı, 1 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri arasında “Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası birinci Məntiq Olimpiadası”nın ilk mərhələsi keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, olimpiada şagirdlərin məntiqi biliklərinin artırılmasına təkan vermək, onlara bu kimi tədbirlərdə iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkarlayaraq onları elmə həvəsləndirmək məqsədilə təşkil edilib.
Mayın 15-də olimpiadanın “İstək” liseyində keçiriləcək final mərhələsində ilk turu uğurla keçən şagirdlər iştirak edəcəklər. İlk turda olduğu kimi, final mərhələsində də 30 sualdan ibarət test toplusunun həll etmək üçün iştirakçılara saat yarım vaxt ayrılacaq.
Final mərhələsinin nəticələri hesablandıqdan sonra mayın 26-da olimpiadanın paytaxtda təntənəli bağlanış mərasimi keçiriləcək. Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaqlar.