REGİONLAR
Bakı məktəblisi: Cənub bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən çox şey öyrəndik
Lənkəran, 20 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın cənub bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən ölkəmizi tarixi, mədəniyyəti barədə çox şey öyrəndik. Bu abidələr, muzeylər Azərbaycanın tarixinin nə qədər qədim, mədəniyyətinin nə qədər zəngin olduğunu bir daha sübut edir. Lənkəranda “Dairəvi qala”, “Qoşa qala qapıları”, “Mayak” binası, “Xan sarayı”, Astarada “Yanar bulaq”, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq yaddaşımızdan heç vaxt silinməyəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Azərbaycanın cənub bölgəsinə səyahət edən Bakının Nizami rayonunun 70 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Samir Əlizadə bildirib. O deyib: “Cənub bölgəsindən zəngin təəssüratlarla ayrılırıq. Bu yerlərin füsunkar təbiətini, tarixi abidələrini, zəngin mətbəxini, müasir üslubda tikilmiş binalarını və mehriban insanlarını heç zaman unutmayacağıq. Bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə minnətdarıq”.