İQTİSADİYYAT
Bakı metrosu: yeraltı nəqliyyat səltənətinin dünəni, bu günü və sabahı
Bu gün Bakı Metropoliteninin işçiləri peşə bayramlarını qeyd edirlər. Öz qapılarını 1967-ci ilin noyabrında sərnişinlərin üzünə açan Bakı metrosu ötən 47 ildə böyük inkişaf yolu keçib. Metromuz bu gün yeni həyatını yaşayır, qarşıda isə daha geniş hədəflər dayanır. Bayram ovqatlı bir gündə paytaxtımızın yeraltı nəqliyyat səltənətinin dünəninə, bu gününə və sabahına qısa nəzər yetirməyi ehtiyac duyuruq.
Hələ XX əsrin 30-cu illərinin əvvəllərində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra, 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında Azərbaycan paytaxtında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci ildə başlanan müharibə bu planın həyata keçirilməsinə mane oldu. Müharibə qurtardıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin 12,1 kilometrlik xəttinin inşasına başlanıldı. Bir müddət sonra dayandırılan tikinti işləri yalnız 1960-cı ildə bərpa olundu. 1966-cı ildə Bakı Metropoliteni İdarəsi yaradıldı. 1967-ci il noyabrın 6-da Bakı Metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan birinci növbəsi istifadəyə verildi. Bakı metrosunun sonrakı inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1970-ci il aprelin 17-də Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyevin iştirakı ilə metronun altıncı stansiyası açıldı. Bundan cəmi iki il sonra, 1972-ci il noyabrın 6-da Bakı Metropoliteninin daha üç stansiyası - “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyaları işə salındı. Sonrakı illərdə metropolitenin xəritəsinə daha 10 stansiya - “Nizami”, “Bakmil”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, “Xalqlar dostluğu”, “Əhmədli”, “Cəfər Cabbarlı” və “Həzi Aslanov” stansiyaları əlavə olundu. Bu gün Bakı Metropoliteninin 23 stansiyası fəaliyyət göstərir.
Hazırda Bakı metrosunun mövcud xətlərinin uzunluğu 34,56 kilometrə çatır. Prezident İlham Əliyevin metropolitenin inkişafına, əhatə dairəsinin genişləndirilməsinə böyük diqqət yetirir. Son 10 ildə 4,9 kilometr yeni metro xətti inşa olunub. “İçərişəhər”, “Koroğlu”, “28 May” stansiyaları yenidən qurulub. Bu gün paytaxtımızda metro tikintisi geniş vüsət alıb. 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan “Avtovağzal” və “M.Əcəmi-2” stansiyalarında tamamlama işləri görülür. Növbəti iki ildə isə daha iki stansiyanın istifadəyə verilməsi planlaşdırılır.
Metromuzu qarşıda daha böyük perspektivlər gözləyir. “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə əsasən 2030-cu ilədək metro xətlərinin sayı beşə, ümumi uzunluğu isə 119 kilometrə çatdırılacaq. Həmin müddətdə 53 yeni stansiya və 84,3 kilometr metro xətləri inşa olunacaq.
Bu gün metro tikintisinə qabaqcıl xarici şirkətlər cəlb olunub. Qazma-tikinti işləri ən müasir avadanlıqlarla aparılır. Fransanın “Bouygues Travaux Publics, LLS” şirkəti “28 May” stansiyasında qatarların sərbəst hərəkətinin təmin edilməsi çərçivəsində aparılacaq yenidənqurma işlərində, o cümlədən yeni stansiyaların tikintisində iştirak edəcək. “Thales S.A” şirkəti isə Bakı Metropoliteninin texnoloji avadanlıqla təchizatını üzərinə götürüb. Yaxın gələcəkdə “Alstom Transport SA” şirkətindən müasir metro vaqonları alınacaq.
Beləliklə, çox keçməyəcək ki, metro ilə paytaxtımızın hər bir guşəsinə rahat şəkildə getmək mümkün olacaq.