İQTİSADİYYAT
Bakı metrosunda “kafi” qiymətli yollar qalmayıb
Bakı, 20 iyun, Elvin Camalov, AZƏRTAC
Bakı metrosunda “kafi” qiymətli yollar qalmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti Nəsimi Paşayev deyib.
O bildirib ki, Bakı metropolitenində dəmir yollarının texniki cəhətdən ən yüksək standartlara cavab verməsi, təhlükəsizliyin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində əldə olunan uğurlar sırasına daha biri də əlavə olunub. Metropoliten tarixində ilk dəfə texniki istismar qaydalarına uyğun qiymətləndirmə nəticəsində “kafi” qiymətli yollar daha qalmayıb.
N.Paşayevin sözlərinə görə, bu barədə dəqiq məlumatı texniki sənədlər verir. 2015-ci ilin aprel ayında istismara verilmiş metropoliten infrastrukturunun çoxfunksiyalı müasir diaqnostika kompleksinin həmin ilin may ayında qeydə aldığı göstəricilərinə görə, yeraltı dəmir yolların cəmi 430 metr “əla”, 372 metr “yaxşı”, 21,5 kilometr “kafi” idisə, bu gün vəziyyət tam fərqlidir. Bu ilin may ayının 20-də diaqnostika kompleksinin qeydə aldığı göstəricilərə görə, Bakı metropoliteninin 72 kilometrdən bir qədər artıq yollarının 62,720 metri “əla”, 5,105 metri “yaxşı” qiymətə layiq bilinib. Qeyd edək ki, yolun müəyyən sahəsinin keyfiyyəti həmin sahədə aşkar edilən kənarlaşmaların (normaya uyğun olmayan halların) sayının yolun uzunluğuna olan nisbəti ilə müəyyən edilir. Bu nisbət nə qədər kiçik olarsa, yolun vəziyyəti bir o qədər yüksək qiymətləndirilir.
N.Paşayev xatırladıb ki, metropolitenin yol təsərrüfatının işçiləri “qeyri-kafi” yolun sonuncu metrini 2016-cı ilin iyun ayında ləğv ediblər.