İQTİSADİYYAT


Bakı metrosunun qatarlarında radiostansiya qurğuları yeniləri ilə əvəzlənir

Bakı, 19 iyul, Elvin Camalov, AZƏRTAC

Bakı metrosunun qatarlarında radiostansiya qurğuları yeniləri ilə əvəzlənir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, Bakı Metropoliteninin vaqon parkında qatarların modernləşdirilməsi istiqamətində əhəmiyyətli yeniliklər sırasına daha biri əlavə olunub. İstismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə bundan sonra keyfiyyəti ilə seçilərək daha da yaxşılaşdırılacaq. Bu məqsədlə artıq qatarlarda mövcud radiostansiya qurğularının yeniləri ilə əvəzlənməsinə başlanılıb.

N.Paşayev qeyd edib ki, hərəkətin təşkilində, nizamlanmasında və bununla hərəkətin təhlükəsizliyinin təmin edilməsində elektrik qatarı maşinisti ilə dispetçerin əlaqəsi mühüm əhəmiyyət kəsb edir. Çünki qatar dispetçeri metropoliten xəttində sərnişin qatarlarının hərəkətinə rəhbərlik edir, qatarların hərəkət qrafikinin yerinə yetirilməsinə cavabdehlik daşıyır. Məhz onun qərarı və verdiyi göstərişlər sayəsində qatarların nizamlı hərəkəti təmin edilir. Qatarların maşinist kabinəsində quraşdırılan yeni RVS tipli radiostansiyalar, səs gücləndiricilər və radioinformatorlar 1978-ci ildən istismarda olan əvvəlki analoqları ilə müqayisədə keyfiyyəti və yüksək standartlara cavab verməsi ilə seçilir.

“Hazırda əvəzlənməkdə olan RTM tipli radiostansiyaların istismardan çıxarılmasına zərurət onların istehsalının dayandırılması, ehtiyat hissələrinin tapılmaması ilə yaranıb. Bu isə avadanlığa qulluğun hədsiz dərəcədə çətinləşməsinə gətirib çıxarıb. Ən əsası, dispetçerlə əlaqənin keyfiyyətinin də xeyli aşağı düşməsinə səbəb olub. Yeni avadanlıq yığcamlığı, sadəliyi və qulluğunun asanlığı ilə seçilir. Onların quraşdırılması, sazlanması da çox vaxt tələb etmir. O, çoxkanallı olduğu üçün əlaqəni daha çeşidli və geniş şəkildə təmin etməyə imkan verir. Artıq yeni radiostansiya vasitəsilə maşinistlər dispetçerlə yanaşı, digər kanallardan birindən istifadə etməklə xətti məntəqədə təlimatçı-maşinistlə də müstəqil və daha rahat ünsiyyət qura bilirlər. Onu da əlavə edək ki, qatarların hərəkəti zamanı təlimatçılar qatar maşinistinin işinə nəzarət edir, onu yönəldir və müxtəlif vəziyyətlərdə ona kömək edirlər. Gələcəkdə xidməti tələbat yaranarsa, yeni radiostansiyanın digər kanallarından da istifadə edilməsi mümkün olacaq”, - deyə N.Paşayev vurğulayıb.

N.Paşayevin sözlərinə görə, bu avadanlıq qatarın hər iki başında maşinist kabinəsində və onun idarəetmə şkafında quraşdırılır. Quraşdırma başa çatdıqdan sonra qatarlar yeni rabitə formatı ilə sınaqdan çıxarılaraq xəttə buraxılır. İlkin olaraq, 52 belə radiostansiyanın quraşdırılmasına başlanılıb. Mərhələli şəkildə təmirə dayanan qatarların hər birində yeni sistemin quraşdırılması davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.