CƏMİYYƏT


Bakı polisi “Siqaretə “Yox” deyək, gələcəyi xilas edək” kampaniyasının icrasına başlayıb

A+ A

Bakı, 23 yanvar, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ADA Universiteti tələbələrinin təşəbbüsünə dəstək verərək “Siqaretə “Yox” deyək, gələcəyi xilas edək” maarifləndirici kampaniyanın icrasına başlayıb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində ilk görüş paytaxtın Yasamal rayonundakı 53 nömrəli orta məktəbin müəllim-şagird kollektivi ilə keçirilib.

BŞBPİ-nin İctimai təhlükəsizlik idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova bildirib ki, hər bir cəmiyyətin gələcəyi onun gənc nəslinin sağlamlığından, təhsilindən və tərbiyəsindən asılıdır. Kimyəvi tərkibli maddələrin, xüsusilə siqaret aludəçiliyinin zərərindən, sağlamlığa təsirindən danışan M.Ömərova qeyd edib ki, kampaniyanın əsas məqsədi 13-17 yaşlı yeniyetmələr arasında siqaret aludəçiliyi, bunun nəticəsində dərsdən yayınma hallarına səbəb olan fəsadların aradan qaldırılmasıdır.

ADA Universitetinin tələbələri Xədicə Bayramlı, İsmayıl Əliyev və Sevda Məmmədzadə “Siqaretə “Yox” deyək, gələcəyi xilas edək” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatlarda kampaniyanın genişlənməsində azyaşlıların səfərbər olunmasının vacibliyi xüsusi vurğulanıb.

Polis əməkdaşlarının və tələbələrin təqdimatları məktəblilər tərəfindən maraqla qarşılanıb, şagirdlərin sualları cavablandırılıb.

Polis orqanları ilə təhsil ocaqlarının bu işdə qarşılıqlı faydalı əməkdaşlığından danışan 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənova bildirib ki, siqaret aludəçiliyi bəzən yeniyetmə yaşlarından başlayaraq ömürlük vərdişə çevrilir və uzunmüddətli ciddi fəsadlara səbəb olur. Bu sosial bəlaya qarşı bütün cəmiyyət səfərbər olmalıdır.

Xatırladaq ki, bu kampaniya BŞBPİ və ADA Universiteti ilə ilk əməkdaşlıq layihəsi deyil. Ötən il yol təhlükəsizliyi qaydaları ilə bağlı ADA Universitetinin tələbələrinin sosial maarifləndirici təşəbbüsləri BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi tərəfindən dəstəklənib. Uğurla həyata keçirilən layihələr universitetin sosial layihələrə görə verilən “Hacı Zeynalabdin Tağıyev” mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.