İQTİSADİYYAT


Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkara 905 min manat güzəştli kredit verilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun oktyabrın 28-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkara 905 min manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu güzəştli kreditlər əsasən, quşçuluq, tərəvəzçilik, mebel, karton məhsulları, un məmulatları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Yüzə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, ixtisaslaşdırılmış "yaşıl market"in, istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağlarının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə 1876 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 123,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 344,6 milyon manat güzəştli kredit yönəldilib.

Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər 32 müasir istixana kompleksinin yaradılmasına 97,4 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə tərəvəz məhsulları istehsal edən istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.