İQTİSADİYYAT
Bakı qəsəbələrində fəaliyyət göstərən 34 sahibkara 1,8 milyon manat güzəştli kredit verilib
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Oktyabrın 23-də sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə həsr olunmuş növbəti işgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən 34 sahibkara 1,8 milyon manat güzəştli kredit verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Bakının Rəsulzadə qəsəbəsində keçirilən forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb. Yüzədək sahibkarın iştirak etdiyi forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin və tikiş sexinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 910 investisiya layihəsinin maliyyələşdirilməsinə 202,2 milyon manat güzəştli kredit ayrılıb. Müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana və quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələri üzrə investisiya layihələrinin maliyyələşdirilməsi 7 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradıb.
İşgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən 34 sahibkara verilmiş 1,8 milyon manat güzəştli kredit əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, un məmulatları, qapı-pəncərə, mebel istehsalı müəssisələrinin, müasir istixana kompleksinin yaradılmasına və inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4545 sahibkara 245,8 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində güzəştli kredit ayrılmış müasir texnologiyaların tətbiqinə əsaslanan tikinti materialları istehsal edən müəssisənin fəaliyyətinə baxış keçirilib. İldə 30 min ton PVC tərkibli yarımfabrikatlar istehsal etmək gücündə olan bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə isə Fond tərəfindən son illər müasir texnologiyaların tətbiqinə əsaslanan tikinti materialları istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 65,4 milyon manat güzəştli kredit verilib.