İQTİSADİYYAT
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 4 milyon manat güzəştli kredit verilib
Bakı, 16 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun martın 16-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 4 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forumda Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1330-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 367 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kreditlərdən istifadə etməklə yaradılmış müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər Bakı qəsəbələrində 35 müasir istixana kompleksinin yaradılmasına 116,3 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə müasir istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.