İQTİSADİYYAT
Bakı rusiyalıların səyahət etməsi üçün ən populyar şəhərlərdən biridir
Moskva, 21 iyun, AZƏRTAC
Bakı bu yay rusiyalıların səyahət etməsi üçün yaxın xarici ölkələrin ən populyar şəhərlərindən biri sayılıb. Bu barədə məlumatı “TurStat” analitik agentliyi yayıb.
Mehmanxanalarda nömrələrin, habelə turların onlayn rejimdə sifariş verilməsi sistemlərinin informasiyası göstərib ki, 2017-ci ilin iyun-avqust aylarında səyyahların ən çox can atdıqları üç şəhər Astana, Bakı və Minskdir. On ən populyar şəhər sırasına Daşkənd, Almatı, Bişkek, Kiyev və Aşqabad da daxildir.
Siyahıdakı şəhərlər arasında yaşamaq üçün ən bahalısı Astanadır. Bu şəhərdə turistlər hər gün adambaşına təqribən 80 dollar xərcləyirlər. Büdcə baxımından ən əlverişli şəhər isə Aşqabaddır. Türkmənistanın paytaxtında bir otel nömrəsi orta hesabla 30 dollara başa gəlir.
Mayın sonlarında məlum olub ki, Azərbaycanın Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort sayılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva