CƏMİYYƏT
Bakı sakinlərinə pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb VİDEO
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində aksiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, günün sonunadək davam edəcək aksiya zamanı paytaxt sakinlərinə pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmadığını) müəyyən etmək imkanı yaradılıb.
Qeyd edək ki, Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini gündən-günə gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. İİV/QİÇS problemi Azərbaycanda aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.