ELM VƏ TƏHSİL
Bakı şəhər 23 nömrəli tam orta məktəbdə “Ağıllı tədris otağı” layihəsi çərçivəsində tədris otağı yaradılıb
Məktəbdə yaradılmış tədris otağı 30 planşet, 1 proyektor, 1 desktop server və 1 noutbukla təchiz olunub. “Ağıllı tədris otağı”nda dərs deyən müəllimlər “Microsoft Azərbaycan” şirkəti tərəfindən “1 şagird : 1 kompyuter” modeli üzrə təlimdən keçib. Qeyd edilən şirkət layihə çərçivəsində təqdim olunan avadanlıqları müvafiq proqramlarla da təmin edib. Bununla yanaşı Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş elektron versiya əsasında 6-cı sinif şagirdləri üçün nümunə kimi ingilis dili rəqəmsal dərsliyi və elektron məzmun hazırlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini Ceyhun Bayramov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn və həmin ölkənin “SK Telekom” şirkəti nümayəndələrinin iştirak etdikləri açılış mərasimində məktəbin direktoru Yuliya Kərimova yeni tədris otağının yaradılmasının təhsil müəssisəsinin həyatında əlamətdar hadisə olduğunu söyləyib.
Ceyhun Bayramov Təhsil Nazirliyi adından layihəni ölkəmizdə reallaşdıran “SK Telekom” şirkətinə və Sunqşin Universitetinə təşəkkürünü bildirib.
C.Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Səfir Çoi Suk-İn layihənin əhəmiyyətini vurğulayıb.
Qonaqlar “Ağıllı tədris otağı”nda məktəbin müəllimi Vəfa Zeynalovanın 6-cı sinif şagirdlərinə keçdiyi dərsi izləyiblər.