İDMAN
Bakı şəhər məktəblilərinin XXVI spartakiadasının qalibləri mükafatlandırıldı
Oktyabrın 24-də Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və rayon gənclər və idman idarəsi tərəfindən Bakı şəhər məktəblilərinin XXVI spartakiadasının bağlanış, XXVII spartakiadasının isə açılış mərasimi keçirilib. Tədbirdə XXVI spartakiadanın qalibləri mükafatlandırılıblar.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov mərasimdə çıxış edərək bildirdi ki, bütün ölkədə olduğu kimi, Bakının mərkəzi rayonlarından biri olan Nərimanovda da dövlətin gənclər və idman siyasəti uğurla həyata keçirilir. Rayonun gəncləri vətənin tərəqqisi naminə qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün bacarıqlarını əsirgəmirlər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov 2013-2014-cü tədris ili müddətində Bakı şəhər məktəbliləri arasında keçirilmiş XXVI spartakiadanın yekunları haqqında məlumat verdi. Bildirdi ki, XXVI spartakiadanın proqramına daxil olan idmanın müxtəlif növləri üzrə yarışların nəticəsində Nərimanov rayonu birinci, Nizami rayonu ikinci, Qaradağ rayonu üçüncü yerləri tutub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov ölkəmizdə idmanın inkişafı və kütləviləşməsi, idman sahəsində həyata keçirilən dövlət siyasəti, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, tikilən müasir Olimpiya-İdman kompleksləri barədə danışdılar.
Sonda Bakı şəhər məktəblilərinin XXVI spartakiadasının müxtəlif növləri üzrə qaliblər mükafatlandırıldı.