CƏMİYYƏT


Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

A+ A

Bakı, 14 sentyabr, P.İmanova, G.Məlikova, AZƏRTAC

Bu gün Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gedərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Əvvəlcə tədbirdə dövlət himni səsləndirilib.

Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın hesabat məruzəsi dinlənilib. Məruzədə 2015-2016-cı tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, 2015-2016-cı tədris ili keyfiyyətin artırılması istiqamətində nəticəyönümlü işlər, təhlillərin aparılması, bir çox layihələrin həyata keçirilməsi ilə yaddaqalan olub. Hesabat ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinifləri üzrə 27 min 35, XI sinifləri üzrə 20 min 796 məzun olub.

Qeyd edilib ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların birinci sinfinə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilir. Nazirliyin birbaşa tabeliyində olan məktəblərin, lisey və gimnaziyaların şagirdləri də daxil olmaqla, BŞTİ tərəfindən təşkil edilən və keçirilən qiymətləndirmədə ümumilikdə Azərbaycan bölməsi üzrə 26 min 890 şagird, rus bölməsi üzrə 4 min 788 şagird iştirak edib.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və ölkədaxili yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 726 vakansiya təqdim edilib ki, bunlardan 410 vakansiya ibtidai sinif müəllimi ixtisası üzrə olub.

Sonra təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Bilik günü münasibətilə təhsil işçilərini təbrik edən M.Cabbarov bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. Qeyd edilib ki, son 3 ildə Azərbaycanda buraxılış və qəbul imtahanlarının nəticələrinin ildən-ilə daha da yüksəlməsi, tədrisin keyfiyyətinin artması müşahidə edilir. Sentyabrın 15-dən ölkədə yeni 29 məktəb istifadəyə veriləcək. Bu məktəblərin yeddisi Təhsil Nazirliyi tərəfindən tikilib, 384 məktəbdə cari təmir işləri, 101 məktəbdə isə əsaslı təmir işləri yekunlaşıb. Sentyabrın 15-də Balakəndə və Mərdəkanda əsaslı şəkildə təmir olunmuş iki internatın açılışı olacaq. Yeni tədris ilindən Fransız-Azərbaycan Universiteti də fəaliyyətə başlayacaq. Cari tədris ilində 2 min 500-ə yaxın yeni gənc müəllim ölkənin müxtəlif məktəblərində fəaliyyətə başlayacaq. Regionlarda 200-dən artıq məktəbə yeni direktorlar təyin edilib. Bundan başqa, Bakıda da onlarla məktəbə yeni direktor təyin olunub.

Daha sonra BŞTİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi təlimlərə və əldə edilən nailiyyətlərə görə bir sıra təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.