ELM VƏ TƏHSİL
Bakı şəhəri üzrə altı məktəbdə apellyasiya komissiyaları təşkil olunub
Bakı,14 mart, Maqsud Dadaşov, AZƏRTAC
Ümumi təhsil məktəblərinin birinci sinfinə 2017-ci il sentyabrın 15-dək 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş, 2011-ci il sentyabrın 16-dan həmin ilin dekabrın 12-dək anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Prezident İlham Əliyevin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ərizələrin online qeydiyyatı yolu ilə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu BŞTİ-nin informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva 2017-2018-ci tədris ili üzrə Bakının ümumtəhsil müəssisələrinə birinci sinfə şagird qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
İ.Abdullayeva bildirib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. 2017-ci il martın 15-dən sentyabrın 15-dək elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Birinci sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı ümumi təhsil müəssisəsində apellyasiya komissiyaları yaradılıb.