İQTİSADİYYAT


Bakı şəhərinin Baş Planının ictimai müzakirəsi keçirilib VİDEO

Bakı, 22 dekabr, Elvin Camalov, AZƏRTAC 

Dekabrın 22-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planının (Baş Planının) ictimai müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov layihə barədə məlumat verib. O bildirib ki, bu layihə Azərbaycan hökumətinin və Dünya Bankının maliyyə dəstəyi ilə hazırlanmış Böyük Bakının Regional İnkişaf Planının davamıdır və Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən 1:10000 miqyasında hazırlanmış planlaşdırma sənədidir. İnstitut tərəfindən layihə ötən ay komitəyə təhvil verilib, müvafiq nazirliklərə, dövlət qurumlarına rəy alınması üçün təqdim edilib və artıq əksər qurumlar tərəfindən rəylər, təkliflər alınıb.

A.Ələsgərovun sözlərinə görə, müzakirəyə təqdim olunan layihə Bakı şəhərinin gələcək ərazi inkişafının əsas inkişaf istiqamətlərini müəyyən edən strateji əhəmiyyətli planlaşdırma layihəsidir. Burada Bakı şəhərinin və onun bütün ətraf qəsəbələrinin ərazidən istifadə və zonalaşdırma planları hazırlanıb, sosial-iqtisadi, ətraf mühit, mühəndis və nəqliyyat infrastrukturu üzrə 2035-ci ilədək olan əsas perspektivlər müəyyən edilib.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib ki, Bakı şəhərinin cənub zonasının planlaşdırılması çərçivəsində Ələt qəsəbəsində “Ağıllı şəhər”, nəqliyyat qovşağı, biznes idarəçiliyi üzrə ixtisaslaşmış yeni universitetin yaradılması təklif edilir. Bakının Baş Planı çərçivəsində Ələt qəsəbəsinin 200 min əhalisi olacaq regional mərkəzə çevrilməsi ideyası irəli sürülüb. Qəsəbədə böyük universitetin yaradılması da nəzərdə tutulub.

Kənd təsərrüfatı və aqroturizimin sürətlə inkişaf etdiyi nəzərə alınaraq, Mərdəkan və Hövsanda universitet şəhərciklərinin yaradılması təklif edilir.

İ.İsbatovun sözlərinə görə, Baş Planda Bakının Maştağa qəsəbəsinin “Sakit Şəhər”ə (Slow City) çevrilməsi göstərilir. Layihədə, eyni zamanda, Maştağada kənd bazarının salınması və Bakı-Sumqayıt yoluna birləşən ikinci dairəvi yolun salınması, habelə Aşağı Güzdəkdə Bakının istixanalar üçün bazar və təchizat müəssisələrinin yaradılması təklif olunur.

“Bundan əlavə, Bakı şəhərinin Binəqədi, Mehdiabad və Digah qəsəbələrinin yaxınlığında səhiyyə parkının qurulması ideyası irəli sürülüb. İnstitutun təkliflərində səhiyyə parkına qədər yeni metro xəttinin çəkilməsi, Mirzələdi gölü ilə səhiyyə parkı arasında meşə zolağının salınması da əksini tapıb”, - deyə İlqar İsbatov vurğulayıb.

Layihə İnstitutunun direktoru 2015-2035-ci illər üçün hazırlanın Baş Planın investisiya dəyərinin 283 milyard manatdan çox olduğunu qeyd edib. Bu layihələrın həyata keçirilməsi Azərbaycanın inkişafına, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına, əhali sıxlığının tənzimlənməsinə, turizm, kənd təsərrüfatı, sənaye, səhiyyə, nəqliyyat, təhsil və digər sahələrin inkişafına xidmət etmiş olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.