MƏDƏNİYYƏT
“Bakı sübhdən günbatanadək” Krakov festivalında
Bakı, 26 noyabr, AZƏRTAC
Polşanın Krakov şəhərində 22-ci Beynəlxalq “Etiuda&Anima” kinofestivalı başlayıb. Noyabrın 28-dək davam edəcək keçirilən festivalda “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmi də iştirak edir.
Filmin prodüserlərindən olan Fariz Əhmədov AZƏRTAC–a bildirilib ki, film festival çərçivəsində bu gün nümayiş olunacaq.
Qeyd edək ki, Fariz Əhmədov festivalda xüsusi qonaq statusunda iştirak edir.
Polşa və Azərbaycan kinematoqrafçıların birgə istehsalı olan “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmi 2014-cü ildə “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində çəkilib. “Dünya sübhdən günbatanadək” Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanır və bir neçə həftəlik kurs müddətində ərsəyə gəlib. Layihə çərçivəsində 14 gənc rejissor Bakı həyatından 18 hissə lentə alıb. Film Bakı şəhərinin ruhunu özündə əks etdirir.
Filmin Azərbaycan tərəfdaşı “Azanfilm” studiyasıdır.
Qeyd edək ki, layihənin müəllifləri Miroslav Dembinski və Maçyej Driqas festivalda “Special Golden Dinosaur” xüsusi mükafata layiq görülüblər. Mükafatlandırma mərasimi noyabrın 27-də baş tutacaq.
Xatırladaq ki, “Bakı sübhdən günbatanadək” sənədli filmi 2015-ci ilin sentyabrda Kazanda keçirilən beynəlxalq kinofestivalın müsabiqə proqramında, noyabrda isə Almaniyada keçirilən 25-ci “Cottbus” beynəlxalq film festivalında nümayiş olunub.