İDMAN


Bakı trası şəhər traslarından ən sürətlisidir

Bakı, 22 iyun, AZƏRTAC

“Formula-1” yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı FOM (Formula One Management) ilə danışıqlar 2013-cü ildə başlanıb və 2014-cü ilin martında ilkin müqavilə imzalanıb. Azərbaycanda Qran-Prinin təşkili ilə dövlət səviyyəsində məşğul olublar. Bu da layihənin statusunu və onun ölkə üçün əhəmiyyətini göstərir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə mərhələyə Avropa Qran-Prisi adı verilib. 2012-ci ildə Bakıda “Eurovision” müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları keçirilib. Eyniadlı Qran-Prini elə həmin il keçirmək istəyiblər. Amma təşkilatçılar layihənin hazırlığına tam əmin olmaq üçün tələsməməyi qərara alıblar. 2016-cı ildə Bakıda ilk dəfə Avropa Qran-Prisi keçirilib.

Birinci mərhələdən sonra təşkilatçılar turnirin adının dəyişdirilməsini FOM ilə razılaşdırıblar və onun tarixini başqa vaxta keçiriblər. Bu il Azərbaycan Qran-Prisi adı ilə keçirilən bu mərhələ daha “Le-Manın 24 saatı” ilə üst-üstə düşmür.

“Baku City Circuit”in icraçı direktoru “F1News.ru” saytına müsahibəsində həmin dəyişiklikləri şərh edərək deyib: “Adı dəyişdirmək bir o qədər də çətin deyildi. Biz lap əvvəldən elə belə də etməyə hazırlaşırdıq. Əslində, bu, sırf texniki məsələ idi.

Müddəti dəyişmək daha çətin oldu, amma bu məsələni də həll edə bildik. Ötən il tarixlər üst-üstə düşdüyünə görə jurnalistlərin çoxu Bakıya deyil, Le-Mana getmişdi. Bu il mərhələlər fərqli tarixlərdə keçirilir. Odur ki, mərhələnin işıqlandırılması yaxşılaşacaq, elə televiziya tamaşaçıları da iki hadisə arasında seçim etməli olmayacaqlar”.

Bakı trasının konfiqurasiyası

German Tilkenin arxitektura bürosu tərəfindən işlənib hazırlanmış küçə trası layihəsi 2014-cü ilin oktyabrında rəsmi surətdə təqdim edildi. Layihəyə görə, tras Dənizkənarı bulvar və Hökumət Evi, qismən İçərişəhər boyunca tarixi mərkəzdən keçir.

Bakı trası şəhər traslarından ən sürətlisidir. O, uzunluğuna görə yalnız Spadan, döngələrinin sayına görə isə Sinqapurdan və Abu Dabidən geri qalır. O da saat əqrəbinin əks istiqamətində burulur. Düz yolun sonunda maksimum sürət saatda təqribən 370 kilometrdir. Konfiqurasiyaya 12-si sol və 8-i sağ olmaqla, 20 döngə, o cümlədən səkkiz 90 dərəcəlik döngə daxildir. Trasın eni İçərişəhərdə yeddinci və səkkizinci döngələr rayonunda 13 metrdən 7,6 metrə qədərdir.

Maşınları kiçik sıxma gücü səviyyəsinə görə sazlayırlar ki, bu da yalnız Monsadakından azdır. Amma Bakıda rezini qızdıran sürətli döngələr yoxdur. Odur ki, şinlərin isti və sürüşkən asfaltla yetərincə təmasda olması üçün onların optimal diapazonda işləməsinə nail olmaq lazımdır. Bu tras yürüşlər üçün ildə bir dəfə istifadə olunur. Həftə sonunun əvvəlində onun vəziyyəti bir o qədər də yaxşı olmur. Amma sonra trayektoriya işlənmiş rezin qatı ilə örtülür və təmas yaxşılaşır.

Dövrə Neftçilər prospektində başlayır, onun birinci sektoru dəbdəbəli rayonlardan keçir, yeddinci döngədən sonra tras İçərişəhərə tərəf yönəlir. Burada tras ensiz və ləngdir. Üçüncü sektorda 16-cı döngədən 20-ci döngəyədək sahəni və sonra gələn düz yolu pedala tam sıxmış vəziyyətdə keçmək lazım gəlir.

Bakıda təqvimdəki ən uzun düz yolu (2,1 km) konfiqurasiyaya daxil etməklə, son illərdə “Formula-1”in şəhər mərhələlərinin adi stereotipini qırmaq mümkün oldu. Bu da küçə yürüşlərinin ənənəvi çətinliklərinə mövqe uğrunda mübarizə aparmaq imkanı qatdı. Düz uzun yolda tormozlar soyumağa macal tapır, onun ardınca ciddi tormozlanma başlayır və burada yürüşçülər çox vaxt rezini blok edirlər.

Trasın maraqlı xüsusiyyətlərindən biri budur ki, Neftçilər prospektində maşınlar xüsusi hasarla ayrılmış qarşı istiqamətlərdə - 6-cı döngədən 7-yə qədər bir tərəfə, 19-cu döngədən 20-ci döngəyə qədər əks tərəfə hərəkət edir.

Arxitektor German Tilke deyib: “Bu, şəhər traslarından ən sürətlisidir. Tras bənzərsiz atmosferi olan tarixi mərkəz ətrafında salınıb. Tribunada və teleekran qarşısında oturan azarkeşlər bu atmosferi hiss edəcəklər.

Bakının mədəniyyəti və tarixi bu layihənin əsas hissəsinə çevrilib. Biz trasın konfiqurasiyasını işləyib hazırlayan zaman şəhərin tarixi yerlərinin gözəlliyini və onun müasirliyini nümayiş etdirməyə çalışırdıq.

Ən çətin məsələ konfiqurasiyasının işlənib hazırlanması oldu - şəhər trasları ilə işləmək həmişə çətindir, çünki mövcud arxitekturadan istifadə olunur. Problemlər vardı, amma biz təşkilatçılarla birgə onları müvəffəqiyyətlə həll etdik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.