MƏDƏNİYYƏT
Bakı üçüncü beynəlxalq turizm filmləri festivalının müsabiqə proqramına 28 ölkədən 78 film daxil edilib
Bakı, 31 may, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-dən 4-dək Bakı üçüncü beynəlxalq turizm filmləri festivalı keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub.
Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Festivalın seçim komissiyası tərəfindən müsabiqə proqramına 28 ölkədən 78 film daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar: Ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm və digər turizm növləri və TV məhsullar (filmlər, videoçarxlar).
Festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edir. Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı, Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxildirlər. Hər kateqoriya üzrə 3 film mükafatlandırılacaq.
Festivalın ən yaxşı filmi “Qran-pri”yə layiq görüləcək. Yerli filmlər eyni zamanda milli mükafat uğrunda mübarizə aparacaqlar.