İQTİSADİYYAT
Bakı üçüncü kənar dairəvi yolda dəyişdirilmiş sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Bakı üçüncü kənar dairəvi yolda dəyişdirilmiş sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətinə əsasən, hava şəraiti, yolların buz bağlaması nəzərə alınmaqla yolda quraşdırılmış elektron tablolarda sürət həddi dəyişdirilmişdi. Həmin yolun 1-ci kilometrliyində sürət həddi üç zolaq üzrə müvafiq olaraq 110-110-90 kilometr/saat idi. Onlar müvafiq olaraq 80-80-60 kilometr/saata endirilmişdi. 12-ci kilometrlikdə üç zolağın hər üçündə sürət həddi 110 kilometr/saat idi. Onlar da müvafiq olaraq 80-60-60 kilometr/saatadək azaldılmışdı. Hava şəraiti normallaşdığı üçün artıq üçüncü kənar dairəvi yoldakı elektron tablolarda düzəliş edilib və sürət həddi əvvəlki səviyyəsinə qaytarılıb.