SİYASƏT
Bakı və Astana rəhbərləri iki paytaxtın əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər
Bakı, 5 sentyabr, AZƏRTAC
Astana şəhərinin hakimi (meri), Bakıda səfərdə olan Aset İsekeşev və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iki ölkənin paytaxtları arasında əməkdaşlığın aktual məsələlərini, habelə qarşılıqlı fəaliyyətin perspektivli istiqamətlərini müzakirə ediblər.
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Hacıbala Abutalıbov qeyd edib ki, Qazaxıstan və Azərbaycan qardaş ölkələrdir və iki xalqın liderlərinin – Heydər Əliyevin və Nursultan Nazarbayevin yaxın dostluğu sayəsində dövlətlərimiz arasında qarşılıqlı etimada əsaslanan münasibətlər həmişə yüksək səviyyədə olub.
Qonaqpərvərliyə görə həmkarına təşəkkürünü bildirən Aset İsekeşev H.Abutalıbovu 2017-ci ildə keçiriləcək “Astana EKSPO-2017” ixtisaslaşdırılmış beynəlxalq sərgiyə dəvət edib və xatırladıb ki, Azərbaycan həmin sərgidə iştirak edəcəyini təsdiqləmiş ilk ölkələrdən biri olub.
Astana hakimi A.İsekeşevin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın energetika naziri, “Astana EKSPO-2017” sərgisində Azərbaycanın milli seksiyasının komissarı Natiq Əliyevlə görüşü, habelə Bakı şəhər Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə getməsi də planlaşdırılıb.