ELM VƏ TƏHSİL
Bakıda 10-cu Azərbaycan Beynəlxalq təhsil sərgisi açılıb
Bakı, 7 oktyabr, P.İmanova, G.Məlikova, AZƏRTAC
Oktyabrın 7-də Baku Ekspo Mərkəzində 10-cu Azərbaycan Beynəlxalq təhsil sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə onuncu dəfə təşkil edilən sərginin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bugünkü yubiley tədbiri Təhsil Nazirliyinin rəsmi dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. Sərgidə Dövlət Neft və Sənaye, Texniki, İqtisad, Bakı Biznes, Memarlıq və İnşaat, Texnologiya, Gəncə Dövlət universitetləri və ölkəmizin digər ali məktəbləri stendləri ilə təmsil olunur. Həmçinin “EduGuide” Azerbaijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Təhsil Nazirliyinin stendlərində “Maarifçi”, “SABAH”, “Azərbaycan üçün öyrət”, “Bir könüllü” layihələri və yeni yaradılmış Azərbaycan–Fransız Universiteti (UFAZ) barədə məlumat verilir.
Polşanın Azərbaycandakı səfiri Marek Tsalka ölkədə təhsil sahəsinin və gənclərin inkişafında bu cür sərgilərin əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, bugünkü sərgidə Polşanın bir sıra ali təhsil müəssisələri öz stendləri ilə təmsil olunur. Azərbaycanlı gənclər bu ölkənin ali məktəbləri, təhsil sistemi barədə ətraflı məlumatlandırılacaqlar.
“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, ötən on ildə təhsil sərgisində 700-dək təhsil müəssisəsi təmsil olunub, on minlərlə gənc sərgini ziyarət edib. Bugünkü sərgidə 14 ölkədən 118 təhsil müəssisəsi iştirak edir. Sərgidə milli stendlərlə Türkiyə (Study in Turkey), Polşa (“Go Poland”) və Litva (“Study in Lithuania”) iştirak edir. Tədbir çərçivəsində təşkil olunan karyera sərgisinə Azərbaycanın bir sıra müəssisə və şirkətləri də qatılıb.
Sərgi çərçivəsində iştirakçılara bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramları, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramları təqdim olunub.
Təhsil sərgisi oktyabrın 9-dək davam edəcək.