İQTİSADİYYAT
Bakıda 14-cü Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir
Bakı, 27 avqust (AZƏRTAC). Almaniya Federativ Respublikası Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində avqustun 27-də Bakıda 14-cü Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş tədbirdə kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, enerji, tikinti, mebel istehsalı, logistika, əczaçılıq və digər sektorları təmsil edən iş adamları iştirak etmişlər.
İİN-in sahibkarlığın inkişafı siyasəti şöbəsi müdrinin müavini Hüseyn Paşayev Azərbaycanın xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə, həmçinin investisiya ixracatçısı olduğunu demiş, iş adamları arasında əlaqələrin genişləndirilməsində işgüzar görüş və biznes forumların əhəmiyyətini vurğulamışdır.
Almaniyanın Reynland Pfalz əyalətinin İqtisadiyyat, Ətraf Mühit, Enerji və Xəritəçəkmə Nazirliyinin nümayəndəsi Julia Golomb ölkələrimizin böyük potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd etmişdir.
Almaniyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Volfqanq Mösinger, Rheinhessen əyalətinin Sənaye və Ticarət Palatasının nümayəndəsi Harald Auqter, Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) idarə heyətinin üzvü Əliyar Haşımlı ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliklərini vurğulamışlar.
Sonda Mərkəzi və Şərqi Avropa Mərkəzi tərəfindən Reynland Pfalz əyalətinin iqtisadiyyatına və alman şirkətlərinin fəaliyyətinə dair təqdimatlar olmuşdur.
Avqustun 30-da Gəncə şəhərində Alman-Azərbaycan İqtisadi Forumu keçiriləcəkdir.