MƏDƏNİYYƏT
Bakıda 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi açılır
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 2-dən 4-dək Bakıda “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi keçiriləcək.
Sərginin açılması münasibətilə keçirilən mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin rəisi Aydın İsmiyev qeyd edib ki, dünyanın 42 ölkəsindən 371 şirkət “AITF-2015”ə 70 turizm istiqaməti üzrə eksklüziv təkliflərini təqdim edəcək. Onların sırasında turoperatorlar, milli turizm təşkilatları, mehmanxanalar şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri var.
Dünyanın 17 ölkəsi, o cümlədən Argentina, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İran, Malayziya, Maldiv Respublikası, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand öz milli stendlərini təqdim edəcəklər. “Tibbi turizm” və “xaricdə daşınmaz əmlak” istiqamətlərini təqdim edən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb.
“AITF” Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirliyinin, Dünya Turizm Təşkilatının, Azərbaycan Turizm Assosiasiyasının və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyasının dəstəyi ilə təşkil olunur.
“AITF” ilə birgə habelə regionun otel və restoran sənayesinin yeganə ixtisaslaşmış sərgisi olan 9-cu Qafqaz Beynəlxalq “Hər şey otellər, restoranlar və supermarketlər üçün” (“Horex Caucasus-2015”) sərgisi də keçiriləcək.
“Horex Caucasus-2015” sərgisini Azərbaycanın, İtaliyanın, Koreya Respublikasının, Litvanın, Rusiyanın, Türkiyənin aparıcı şirkətləri təqdim edəcək. İştirakçılar sırasında “Asena”, “Atese Makine Kazan”, “Billur MS”, “Coffee Planet Azerbaijan”, “Gunesh”, “Guven Halicilik”, “HoReCa”, “Hotstar”, “HRS” (Hotel&Restaurant Systems), “Hurom, “Inter Isi”, “Refra”, “Kaan Celik Kasa”, “Lactalis”, “Netsa Metal”, “Rulopak Hijyen Sistemleri”, “Zama” və digər brendlər var.
Sərgidə beynəlxalq istehsalçıların və “HoReCa” sektoru distributorlarının avadanlıq, qida məhsulları və içkiləri təqdim olunacaq. Sərgiyə izləyici kimi distributorla, mehmanxana, ticarət, mətbəx avadanlığı istehsalçıları, marketinq menecerləri, restoranların, otellərin, SPA mərkəzlərinin alınması üzrə menecerlər dəvət olunurlar. Bundan əlavə şadlıq evlərinin, supermarketlərin, keyterinq xidmətlərin, istirahət evlərinin, sağlamlıq mərkəzlərinin və fitnes-klubların, sanatoriyaların, biznes mərkəzlərinin alınması üzrə menecerlər də dəvət edilir.
Sərgilərin təşkilatçıları “Iteca Caspian LLC” və “ITE Group PLC” şirkətləridir.
Builki “Turizm və səyahətlər” sərgisi çərçivəsində təşkil olunacaq daha bir sərgi - Xəzər regionunun katerləri, yaxtaları, müxtəlif dəniz inventarını, yaxt-klubları, su idmanını, dəniz nəqliyyatını bir araya gətirən 2-ci Xəzər Beynəlxalq “Katerlər və yaxtalar” (“CIBS-2015”) sərgisi olacaq.
“CIBS-2015”in ekspozisiyası Bakı Expo Mərkəzinin ikinci salında yer alacaq. İştirakçıların tərkibinə “Azerbaijan State Maritime Administration”, “Arcadia Marine House”, “Azerbaijan Sailing Federation”, “Baku Marine Service”, “Regal Boats”, “Seagull Caspian” və başqaları daxildir. Bu sərgidə Azərbaycan, Rusiya, ABŞ və Ukrayna iştirak edir.
Sərgi peşəkarlara və həvəskarlara su mühərrikləri, aktiv istirahət ləvazimatı, habelə sahələr üzrə son texnoloji nailiyyətlərini təqdim edəcək.
Sərgiyə rəsmi dəstəyi Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası göstərir.