CƏMİYYƏT
Bakıda 22-ci beynəlxalq səhiyyə sərgisi keçiriləcək
Bakı, 4 avqust, AZƏRTAC
Sentyabrın 19-dan 21-dək Bakıda 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BIHE) keçiriləcək. Sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları, habelə əczaçılar və elm xadimləri arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olmasına kömək edir.
BIHE sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.
Bu il BIHE iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir. Hazırda iştirakçıların siyahısında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrdən 100-dən çox şirkət var. Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribüterləri də iştirak edəcək. Yerli distribüterlər arasında “ARASH Medical”, “Besan”, “BTL Industries”, “Labservis” və digər şirkətlər yer alır.
Ümumilikdə bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər. Sərgidə ilk dəfə olaraq yeni “Klinika” sektorunun çərçivəsində bir sıra şirkətlərin iştirakı gözlənilir.
Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkili ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Almaniya, Estoniya, Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzlərinin iştirakı gözlənilir. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası tərəfindən dəstəklənir.
BIHE sərgisi ilə paralel daha iki tədbir - 11-ci beynəlxalq stomatologiya və 10-cu beynəlxalq gözəllik və estetik tibb sərgiləri keçiriləcək. Beləliklə, BIHE sərgisi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün əsas tədbir olmaqla yanaşı, səhiyyə sahəsində ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi məkana çevriləcək.