İQTİSADİYYAT


Bakıda 398 piyada keçidi normalara cavab vermir

Bakı, 5 iyul, Elvin Camalov, AZƏRTAC

Bakıda 398 ədəd piyada keçidi normalara uyğun deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edilməsini şərtləndirən ən vacib məqam hərəkətin düzgün təşkil edilməsidir. Bakı Nəqliyyat Agentliyi də bu sahədə mövcud vəziyyətin öyrənilməsi, problemlərin aşkar edilərək aradan qaldırılması ilə bağlı mühüm tədbirlər həyata keçirir. Bu çərçivədə paytaxt yollarındakı piyada keçidləri Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən hərtərəfli təhlil edilib. Müəyyən edilib ki, bu gün paytaxtın bir sıra, xüsusən də mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri də koordinasiyasız həyata keçirilən yol nişanlamaları və xətləmə işləridir. BNA-nın Əsasnaməsində də göstərilib ki, Bakı şəhərində yol nişanlamaları və xətləmələr BNA-nın və DYP-nin razılığı ilə həyata keçirilməlidir. Bu gün Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə bu sahədə birgə çalışır. Amma yenə də bəzi yerli qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər ki, bu da tıxaclara, eyni zamanda, insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb olur.

M.Ağayevin sözlərinə görə, Bakı şəhərində mövcud olan piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub. İşıqforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidində nişanlanma xətti çəkilib. 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmayıb. 12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yerləşdirilib. 18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılıb, amma yol xətlənməsi işləri aparılmayıb. 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilməyib, keçidlər bir-birinə çox yaxın quraşdırılıb. 5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmayıb, piyada keçidi kəsişmədən dərhal sonra təşkil edilib.

“Bakı Nəqliyyat Agentliyi Əsasnaməsinə uyğun olaraq piyada keçidləri ilə bağlı bu kimi ciddi nöqsanların aradan qaldırılması istiqamətində konkret addımlar atır. Piyada keçidlərinin xaotik şəkildə əvvəlcədən yerləşdirilməsinin hər birimiz üçün ağrılı bir məqam olduğunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi ictimaiyyəti də bu işdə fəal əməkdaşlığa dəvət edir. Əhalidən paytaxt yollarında piyada keçidlərinin düzgün yerləşdirilməməsi, eyni zamanda, düzgün olmayan nişanlanma halları ilə bağlı “141” Çağrı mərkəzinə məlumat vermələrini xahiş edirik”, - deyə M.Ağayev vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.