CƏMİYYƏT


Bakıda 7-ci beynəlxalq ətraf mühit sərgisi açılıb

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlayıb. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştiraki ilə sərgiyə baxış keçirilib. Məlumat verilib ki, bu il sərgidə dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edir. Onların arasında Azərbaycanla yanaşı, Almaniya, Çexiya, Danimarka, İngiltərə və digər ölkələrdən şirkətlər var. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Təmiz Şəhər” ASC, IDEA İctimai Birliyi, Azertexnolayn, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC təmsil olunur. Bu il Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi sərgidəki stendində ölkəmizdə həyata keçirilən birgə ekoloji layihələri nümayiş etdirir. “Caspian Ecology” sərgisində “Arkon Flow Systems” (Çexiya), “BLUCAST JSC” (Litva), “DIKKAN” (Türkiyə) şirkətləri ilk dəfə iştirak edirlər.

Ümumilikdə “Caspian Ecology” sərgisində təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri nümayiş olunur. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar və sutəmizləmə sistemləri təqdim edirlər.

Sərgi öz işini noyabrın 18-dək davam etdirəcək. Beləliklə, beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.